Canım Uşaklıgil! Sən necə bizi kişi gözünlə, kişi ruhunla bu qədər mükəmməl təsvir etdin? Sən necə bu qədər yanan ürəkləri bir kitaba topladın? Etmə canım, bizə - oxucularına da yazığın gəlmədi?
Atasının ölümü ilə başsız qalan ailəsini dolandırmaq üçün on işdə birdən çalışan Əhməd Cəmil və həyatından; həm maddi, həm də mənəvi həyatından söhbət gedir.
Kitab o qədər mükəmməl qələmə alınıb ki, oxuyarkən özünüzü kitabda keçən illərdə hiss edirsiz. O qədər yaralı ürək bir yerə yığışıb ki, o qədər məzlum, bədbəxt var ki, bilmədim hansına ağlayım.
Zaman-zaman Əhməd Cəmilin yerinə sevgisini etiraf etmək istədim, bəzən Racinin bədbəxt yoldaşına ; 'O kağızları, uşağını götür get, qurtul.' demək istədim. Bəzən də İkbali çəkib kənara ; 'Haydi, tök içini!' deməyim gəldi. Amma bunlar faydasız oldu: sevgi etiraf olunmadı. Racinin yoldaşı bədbəxt rəngli o həyatda qaldı. İkbal da sonacan dərdlərini ürəyində saxladı. Heç kim kömək ola bilmədi, heç kim!
Halid Ziya Uşaklıgil, qələminə bayıldım. Başqa kitablarında qarşılaşmaq, bir-birimizə çiyin olmaq diləyi ilə!..