Romalıların, yaxud yunanların dediyi hər şey həqiqət deyil. Yüksək ovqat, ilahi ehtiraslar, ruhi oyanışlar, ekstaz... – peyğəmbərləri, şairləri, ideya yolunun əzabkeşlərini adi adamlardan fərqləndirən bu hallar insanın heyvani tərəfinə, yəni cisminə yaddır və onda ikrah doğurur. Təkrar edirəm, sağlam və normal olmaq istəyirsənsə, sürüyə qatıl.
İndi alimlər də deyir ki – dahilik və dəlilik yaxın məfhumlardı. Dostum, yalnız sürü təfəkkürlü kütlə sağlam və normaldır. Zamanın gərginliyi, aşırı yorğunluq, miskinləşmiş cəmiyyət və sair bu kimi mətləblərlə bağlı mülahizələr yalnız həyatlarının məqsədini bu gündə görən sürü təfəkkürlü insanları ciddi şəkildə həyəcanlandıra bilər.