Onun adamlarda heyrət və istehza doğuran qəribə
hərəkətləri - xəyalpərəstliyi, yalqızlığa meyli, qaradinməzliyi birdən-birə mənim üçün aydın oldu. Mən indi başa düşdüm ki, o, nə üçün bütün axşamları çıxıb keşikçi təpəsində oturur, nə üçün gecələr çayın qırağında tək qalır, nə üçün başqalarının eşidə bilmədiyi səslərə həmişə qulaq asır və nə üçün bəzən birdən-birə gözləri parıldayır, adətən, səksəkəli qaşları niyə yuxarı dartılır. O, qəlbən vurğun adamdır. Həm də hiss edirdim ki, o, sadəcə olaraq, başqa bir adama vurulmamışdır. Onun məhəbbəti başqa, böyük
məhəbbət idi. Bu, həyata, torpağa məhəbbət idi. Bəli, o, bu məhəbbəti özündə, öz mahnısında gizlətmiş, onunla yaşayırdı. Laqeyd adam, nə cür səsə malik olsa da, bu cür oxuya bilməzdi.