“Anna Karenina” dünya ədəbiyyatının ən məşhur romanlarından biridir. Tolstoy bu əsərində təkcə bir qadının faciəsini deyil, həm də bütün Rus cəmiyyətinin güzgüsünü yaratmışdır.
Tolstoyun ən böyük gücü insanın daxili aləmini açmaqdır. O obrazların düşüncələrini, tərəddüdlərini və vicdan əzablarını elə təbii və təfərrüatlı təsvir edir ki, oxucu hər bir hissi özü yaşayır. Əsərin dili sadə olsa da, dərin mənalar ehtiva edir; Tolstoyun üslubu təbiiliyi, psixoloji incəliyi və möhtəşəm təsvirləri ilə seçilir.
Bədii cəhətdən yüksək qiymətləndirdiyim və sevərək oxuduğum bu əsərdə bir çox obraz yer alsa da, heç biri mənim üçün tam mənada sevimli obraz olmadı. Müsbət obraz kimi Levin diqqətimi cəlb etsə də, onu özümə yaxın hiss edə bilmədim. Kitaba başlamazdan əvvəl Anna Karenina obrazını sevəcəyimi düşünürdüm, lakin oxuduqca təsəvvürümdə formalaşan Anna ilə Tolstoyun yaratdığı Anna arasında fərq gördüm. Buna səbəb Annanın ailəsinə qarşı etdikləri və cəmiyyətdə tutduğu mövqe deyildi. Sadəcə, onun uğrunda hər şeyini fəda etdiyi Vronski ilə münasibəti “ülvi sevgi” anlayışına uyğun gəlmirdi. Vronski ilə birlikdə yaşamağa başladığı andan etibarən mən Annada sevən bir qadın yox, daha çox yelbeyin və ziddiyyətli bir obraz gördüm. Onun qısqanclığı və bəzən özünü və qarşısındakını məcbur edən davranışları Vronskini sıxdığı kimi məni də sıxırdı.
Bütün bunlara baxmayaraq romanın sonlarına yaxın Annaya qarşı həm təəssüf, həm də mərhəmət hissi duydum. Onun içindəki boşluq, tənha və anlaşılmamış qadın olması, sevgi ilə azadlıq arasında sıxılması oxucunu kədərləndirir. Anna öz xoşbəxtliyini axtararkən həm cəmiyyətin, həm də öz ehtiraslarının əsiri olur. Tolstoy faciəvi sonla göstərir ki, insanın içindəki sevgi və vicdan mübarizəsi bəzən onu xilas etməyə deyil, məhv olmağa aparır.