16 yaşlı Leyla paytaxt Sarayevo yaxınlığında yerləşən kiçik, dinc şəhərdə böyüməkdədir. O, digər gənc qızlar kimi musiqi dinləyir, məhəbbət romanları oxuyur, gələcək haqqında xoş xəyallar qurur. Amma Boşniyada başlayan amansız müharibə öz qorxunc tərəfləri və dəhşətləri ilə onun bütün xəyallarını çilik-çilik edir... O məsum qız filmlərdə belə baxa bilmədiyi dəhşətli hadisələrin içərisinə düşür və iki il ərzində əsir düşərgəsində qalaraq ağlasığmaz işğəncələrə məruz qalır...
Müharibə mövzusu və müharibədə qadın taleyini göstərən əsərlərdən biri idi. "Əsər çox gözəldi" deyəcəkdim də, utandım. O dəhşətləri oxuduqca əsərə gözəl deyə bilmirəm. Psixoloji olaraq çox sarsıldım oxuyarkən. Ümumiyyətlə, bu əsərdən əvvəl Boşniyadakı müharibə ilə bağlı məlumatım yox idi. Amma əsərin ön sözü o qədər dolğun yazılmışdı ki, sizə hər şeyi lazımınca açıqlayır. Bu əsər mənə "ALJİR"i xatırlatdı, Xocalı soyqırımını xatırlatdı. Və bir məsələyə daha da əmin oldum: müharibədə ən çox zərər çəkən qadınlar və uşaqlardı...
Hər zaman olduğu kimi "sülh", "insan haqları" deyə bağıran ölkələr susdular, Xocalıda olduğu kimi. Nədənsə, türklərin və müsəlmanların ağrı-acılarına, faciələrinə qarşı kor, kar, lal olmağı seçirlər. Artıq bu haqsızlıqlar insan ürəyini çox yorur, bu qədər şey yaşamaq, amma bununla belə insanların susması, heç nə etməməsi, hətta bəzilərinin irəli gedərək səni qınaması... Nə deyəcəyimi bilmirəm, bildiyim bir şey var, biz birlik olmalıyıq. Bir-birimizə daha da bağlanmalıyıq