"Nəfəs" Ramiz Rövşənin illər ərzində çap edilmiş 5 kitabından ibarət toplu kitabıdır: "Göy üzü daş saxlamaz", "Kəpənək qanadları", "Bir yağışlı nəğmə", "Hamı oğul böyütmüşdü" və "Ayın o biri üzü".
İlk üç kitabda şeirlər yer alır. Dördüncü kitabda hekayələr və bir povest, beşinci kitabda isə esselər.
Ramiz Rövşəni bu zamana qədər, sadəcə, şeirləri ilə tanıyırdım. Şeirlərinə, şeirlərinin dərinliyinə, fəlsəfəsinə heyran olsam da, deyəsən, Ramiz Rövşəni nasir, publisist kimi daha çox sevdim.
Hekayələri, povesti elə şirin, doğma, xoş təsir bağışlayır ki, oxuduqca oxumaq istəyirsən. Ancaq birdən o şirin hekayələrin bir cümləsi "şapalaq" kimi üzünə də dəyə bilir. O "şapalaq" ki, özündən belə gizlətmək istədiyin həqiqətləri üzünə çırpır...
Məncə, oxuyan hər kəs bu hekayələrdə özündən bir parça tapacaqdır.
Həmçinin esselər də çox xoşuma gəldi. Ramiz Rövşən bu yazılarında "qızıl xırdalayıb" desək, yeridir.
Ürəyimiz sıxılanda, nəfəssiz qalanda kitablara, şeirlərə sığınmaq istəyərik ha, bax, "Nəfəs" o zamanlarda dadımıza çatacaq, nəfəsimizə nəfəs qatacaq bir kitabdır.