Biz öz həyatımızın, taleyimizin müstəqil memarıyıq, yoxsa hər addımı əvvəlcədən ən xırda detalına qədər yazılmış bir ssenarinin icraçıları? Çox vaxt elə hesab edirik ki, həyatda verdiyimiz hər bir anlıq qərar gələcəyimizi formalaşdıran azad iradəmizin məhsuludur. Amma elə ekran əsərləri olur ki, insanın bu köklü inancını dərindən sarsıdır və onu öz varlığı ilə amansız bir toqquşmaya məhkum edir. Elmi-fantastika janrının ən pik nöqtələrindən biri olan bu möhtəşəm ekran əsəri, Robert Haynlaynın "Hamınız zombisiniz" (All You Zombies) adlı məşhur qısa hekayəsi əsasında ekranlaşdırılmışdır. Bu şah əsər bizə zamanın sadəcə keçib gedən bir məfhum olmadığını, onun əslində içindən çıxılması qeyri-mümkün olan bir həbsxana olduğunu göstərir.
İlk baxışda bu mənzərə Stephen King'in məşhur "11/22/63" romanındakı zamanın keçmişi dəyişdirməyə çalışan insana qarşı göstərdiyi o amansız müqaviməti - "keçmiş inadkardır, dəyişmək istəmir" prinsipini xatırladır. Lakin bu film bəhs edilən ideyanı daha dağıdıcı bir nöqtəyə daşıyır. "11/22/63"-də keçmişi dəyişmək üçün göstərilən hər cəhd dünyanı fərqli bir apokalipsisə və xaosa sürükləyirsə, burada keçmişi dəyişmək üçün atılan hər bir addım elə dəyişdirilmək istənilən keçmişin özünü, o qaçılmaz taleyi doğurur. Hekayə zamanda səyahət edən, zaman çarxları arasında sıxılıb qalmış insan ruhundan, şəxsiyyət bütövlüyündən və tənhalıqdan bəhs edir. Əgər siz də hər addımı təxmin edilən bəsit süjetlərdən yorulmusunuzsa, bu dumanlı və qaranlıq labirintin pərdəarxasına keçib hər detala gizlədilmiş dərin mənaları kəşf etmək sizə tamamilə fərqli bir həyəcan bəxş edəcək.
Rejissor bizi ilk saniyələrdən etibarən dumanlı bir barın küncünə, keçmişin kimsəsiz yetimxanalarının soyuq dəhlizlərinə və gələcəyin boz, hissiz bürokratik mərkəzlərinə aparır, lakin bu