QAYIT
Həsrətin araya atdı dağ, dərə,
Sönən işıq oldun, batan səs oldun.
Qayıt, mənim gülüm, qayıt bu yerə,
Ey mənim istəyim, nə gəlməz oldun!
Ümidlər, arzular pəran-pərəndir,
Qəlbə təsəllidir xatirələrim.
Bir halımı soruş, könlümü dindir;
Axşamlar yadıma düşür səhərim.
Qayıt, mənim gülüm, yerbəyer elə
Dərdli səhərləri, gecələri sən.
Çaşıb başqa yolla keçirəm elə,
Düz öz qaydasınca küçələri sən.
Qayıt, yerinə qoy Ayı, Günəşi,
Yenə olduğutək görüm həyatı
Qayıt, gözüm nuru, könlüm atəşi,
Qayıt, sahmana sal bu kainatı!