Çox qısa bir hekayə..bu qədər az səhifənin içərisinə geniş, dərin və mənalı duyğuları sığdırmaq... bunu edə bilmək üçün Çingiz Aytmatov olmaq lazımdı.
Əsərdə hadisələr ikinci dünya müharibəsində baş verir. Müəllifin bir çox əsərində ikinci dünya müharibəsinə göndərmələr edilir. Müəllim Duyşən ikinci dünya müharibəsindən yenicə dönmüş bir əsgərdir. Əslində müəllim olmaq üçün yetərli biliyə də sahib deyil, hansı ki oxuma yazmanı çox bəsit şəkildə əsgərlikdə öyrənmişdir, amma buna baxmayaraq əlində nə varsa onları uşaqlara ötürmək istəyir. Kənd cammatı bu günə kimi nə bir məktəb, nə də bir müəllim görməmişdir, onlar üçün uşaqlarının təhsil alması mənasız görünür. Duyşən kənd əhalisinin qəzəbli baxışlarına və yardıma açıq olmamasına rəğmən tövlə halındakı bir yeri məktəbə çevirir. Bir- bir bütün evlərə gedib oxumaq istəyən uşaqların ailələrini razı salır. Müəllimin bu mübarizəsində onunla çiyin-çiyinə addımlayan bir şəxs daha var Altınay- gənc, öyrənməyə həvəsli, aydın zəkalı bir qız. Altınay çox oxumaq istəsə də təəssüf ki, əhatəsi öncə uşaqları ağır işlərdə işlədib bir müddət sonrada yüksək bir məbləğ qarşılığı evləndirən, qız uşaqlarının sadəcə övlad dünyaya gətirməli olduğunu zənn edən cahillərdən ibarətdir. Əsərdəki müəllim- şagird münasibətləri o qədər gözəl işlənib ki, o ülvi hislərə heç bir xələl gəlməmişdir. Müəllimin dövrün tələblərinə qarşı çıxması, təhqir edilməsinə, alçaldılmasına, döyülməsinə rəğmən şagirdlərindən əl çəkməməsi, onlara verdiyi sözü yerinə yetirmək üçün hər cür çətinliyə sinə gəlməsi, Altınayı təhsilini davam etdirməsi üçün şəhərə göndərməsi bir müəllimin şagirdlərinə görə yanması yox olması, amma bu yox oluşun minlərlə gəncə işıq olması demək idi.
Bütün müəllimlərin bu kitabı oxumağını istərdim.