Franz Kafka bəlkə də dünya ədəbiyyatının ən paradoksal yazıçılarından biridir. Onun əsərlərində biz həyatdan çox bir yuxunu, amma yuxudan da çox bir kabusu xatırladan atmosferlə qarşılaşırıq. “Ceza Kolonisinde” və “Bir Açlık Sanatçısı” hekayələri də məhz bu kabusvari dünyanın iki müxtəlif üzünü göstərir: biri sistemin amansız mexanizmini, digəri isə insanın içindəki boşluğu.
“Ceza Kolonisinde” hekayəsində bir zabit, köhnə bir cəza aparatına kor inancla bağlıdır. Aparat insanın dərisini deşərək “hökmü” yazır, onu öldürür, amma guya ona “aydınlanma” gətirir. Burada mən Kafka’nın ən çox tənqid etdiyi məqamı görürəm: qanunun, ədalətin və ya ideologiyanın insandan üstün tutulması. Ədalət insanı xilas etməlidir, amma mexanikləşmiş sistemlərdə ədalət insanı əzir, hətta məhv edir. Kafka deyir ki, köhnəlmiş qanunlara fanatik dərəcədə inanmaq yalnız mənasız ölümlərə gətirib çıxarır. Zabitin özünü aparata qurban verməsi, amma heç bir “aydınlanma” yaşamadan ölməsi də bunu təsdiqləyir. Mənim fikrimcə, bu hekayə hər bir cəmiyyətdə avtoritar təfəkkürün necə təhlükəli ola biləcəyini göstərən çox güclü bir metaforadır.
Digər tərəfdən, “Bir Açlık Sanatçısı” tamamilə fərqli bir istiqamətdən danışır. Burada heç bir zorakılıq, qanlı aparat yoxdur. Sadəcə bir qəfəsin içində aclıq çəkən bir sənətçi var. Amma mənim üçün bu hekayə daha da sarsıdıcıdır. Açlıq sənətçisi özünü fədakarlıqla göstərsə də, əslində sadəcə həyatla əlaqəsini itirmiş bir insandır. O, yeməyi sevmədiyi üçün yemir – yəni aclığı fədakarlıq yox, boşluqdan doğur. Daha da acısı budur ki, insanlar əvvəlcə ona maraq göstərsə də, sonra unudurlar. Yerinə qəfəsə qoyulan panter isə həyatın özünü, gücünü, canlılığını təcəssüm etdirir. Məncə Kafka burada deyir: cəmiyyətin gözü hər zaman canlı, güclü, parlaq olanın üzərindədir;