Deməli, bu kitabı 1 aydan çoxdur ki, oxuyuram. Hələ də tam oxumuş sayılmıram, çünki son səhifələr antidepressentların istifadəsi və s. kimi farmakoloji bilgilərdən ibarətdir. ATU yox, ADU məzunu olaraq, ancaq psixoterapiya ilə bağlı olan hissələri oxudum.
Kitab depressiyadan əziyyət çəkən insanlara ünvanlanaraq yazılıb. Ən çox yeridilməyə çalışılan fikir, duyğularımızın tamamilə düşüncələrimizdən asılı olmasıdır. Buna hər nə qədər qatılsam da, praktikada əməl etmək çətindir. Bir çox metodu həyatıma və münasibətlərimə tətbiq etməyə çalışdım. Nəticədə öz düşüncələrimə söz keçirməyi öyrənsəm də, insanların reaksiyalarını idarə edə bilmədiyim üçün həmişə uğurlu olmadı. Əslində, onların reaksiyalarına olan yanaşmamız da yenə də özümüzdən asılıdır. Ona görə də, kontrolumda olan şeylərə - öz düşüncə və emosiyalarıma fokuslanmaq daha məntiqlidir.
Nə yalan deyim, kitabı bitirən kimi möcüzəvi şəkildə "iyi" hiss etmədim. Onsuz da həmişə özünüinkişaf kitablarına önyarğılı olmuşam. Bu kitab o kateqoriyaya daxil olsa da, həmçinin kliniki dəyəri və elmi əsası var. Depressiya ciddi bir xəstəlikdir və oxuduqlarım özünə kömək etmək üçün istifadə ediləcək metodlar idi. Sizin də terapiyaya getməyə pulunuz yoxdursa, süni intellektin başını xarab edirsinizsə, bu kitabdan bir şeylər əldə edə bilərsiniz.