Beləliklə, öz-özümüzdən soruşaq görək, kora köməklik edib sonra onu qarət edənlə əldən düşmüş xəstə qoca qarıya o öləndən sonra mirasına sahib çıxmaq məqsədilə baxanlar və canının nə vaxt çıxmasını ümidlə gözləyənlər arasında fərq böyükdürmü. Hə, cinayət ideyası onun ağlına bütün sadəliyi ilə yalnız korun evinin qarşısında gəldi, belə demək mümkündürsə, o, lotereya bileti almaq istəyirdi, ancaq buna satıcını görəndən sonra qərar verdi, bu barədə əvvəlcədən heç nə düşünməsə də, bundan nə çıxacağını sınamaq istədi və əvvəlcədən dəyişkən taleyin ona nəsə – ya da ümumiyyətlə heç nə – bəxş etməyəcəyi ilə razılaşdı, hərçənd, bəlkə də, kimsə onun reflektiv hərəkət etdiyini söyləyə bilər, amma onun şəxsiyyətini də reflekslər müəyyənləşdirir axı. İnsanın təbiətinə skeptik yanaşanlar, onlar çoxsaylı və inadkardırlar, deyəcəklər ki, əgər oğrunu həmişə şərait yetişdirmir postulatı doğrudursa, bu şəraitin, şübhəsiz, ona çox kömək etdiyi də doğrudur. Fürsətdən istifadə edib belə bir fikir irəli sürək: əgər kor yalançı samariyalının son anda etdiyi ikinci təklifi, yəni əgər yadınızdadırsa, arvadı gələnədək onunla birlikdə qalmaq istəyini qəbul etsəydi, onda xeyirxah başlanğıc hələ üstün gələ bilərdi, yəni bu halda inamdan doğan mənəvi məsuliyyətin qalib gəlib-gəlməyəcəyini, ən qara qəlblərdə belə həmişə tapılan işıqlı, nəcib duyğuların cinayətkar nəfsi üstələyib-üstələməyəcəyini haradan bilək.