Qatar tərpənib stansiya yolayrıcından, bomboş payız çölündən keçib getdi. İvanov vaqonun dəstəyindən tutub tamburdan ona doğma olan evlərə, binalara, anbarlara, şəhərin yanğın qüllələrinə baxdı. O, yaxınlıqdakı iki hündür borunu tanıdı: biri sabunbişirmə, o birisə kərpic zavodunun üzərindəydi; indi Lyuba orada, kərpic presinin yanında işləyirdi; qoy daha istədiyi təki yaşasın, o da istədiyi kimi yaşayacaq. Bəlkə də, arvadını bağışlaya bilərdi, amma bunun nə mənası var? Onsuz da qəlbi ona qarşı qəddarlaşmışdı, orada müharibə günləri ərinin ayrılığı o qədər də darıxdırıcı tənhalıqda keçməsin deyə başqasıyla öpüşüb-yaşayan adama rəhm yoxdu. Yoxsa Lyubanın yaşamaqda çətinlik çəkdiyinə, ehtiyac, dərd ona əzab verdiyinə görə öz Semyonu, yaxud Yevseyilə yaxınlığı heç də bəraət deyil, onun hisslərinin təsdiqidi. Bütün sevgilər ehtiyacdan, dərddən baş verir; əgər insanın heç nəyə ehtiyacı olmasaydı, dərd çəkməsəydi, heç vaxt başqa adamı sevməzdi.