Nəhayət, "Oblomov"u oxuyub bitirdim. Deyəsən, ilk dəfə idi ki, müsbət bir xarakterə nifrət edirdim. Adətən, deyirlər ki, insan özünə oxşayanları sevmir. Buna inansaq, Oblomova nifrətimin qaynağı bəlli olur. Oblomov oxuyanların da, oxumayanların da bildiyi bir personajdır, daha çox tənbəl, həyatdan əlini üzmüş insanlar üçün istifadə edilən metafor deyək. Üstəlik, saf, təmiz, məsum, qəlbitəmiz. Bunların hamısından üstə isə, Oblomov əvvəldən sona kimi qorxaqdır. Hər şeydən qorxur, hər şeydən narahatlıq duyur, məsuliyyətdən bu qorxaqlıq ucbatından daim qaçır. Hətta iş o yerə çatır ki, axır günlərində ölümü hiss edir və ondan da qorxur. Lakin bu qorxu əvvəlkilərdən fərqlidir. Bu qorxu yaşamağı bacarmayan insanın qorxusudur. Kitabda detallarına enilib müzakirə ediləcək çox şey var, mənim isə, yazmağa səbrim yoxdur. Gəlin, yaşayaq, ən azından cəhd edək, əlimizdən tutacaq Şlots olmasa belə.