Çoxdan, yazı-pozuya meyl elədiyi tələbəlik illərindən bu şəhərdə Sakit adında, bir pasport altında iki adam yaşadığını duymuşdu, anlamışdı. Biri hamının - tələbə yoldaşlarının da, müəllimlərinin də, sonra akademiya həmkarlarının və daha sonra isə ailəsinin də tanıdığı, sadə geyinən, az dinib, az danışan, daha çox dinləməyə həvəs göstərən, aza qane, gözü-könlü tox, işləməkdən, mütaliədən əvəzsiz zövq alan Sakit idi. Bu, Sakitin zahiri idi, gözə görünən tərəfi idi və bunu hamı görürdü. Ancaq elə o Sakitin içərisində, o adda, o ünvanda yaşayan ikinci bir Sakit də vardı - bu Sakiti tək özü tanıyırdı, yaxşı cəhətini də, pis cəhətini də yaxşı bilirdi. Bu Sakit düşünən Sakit idi, hər şeyin dərdini - özünə dəxli olmasa da, - çəkən Sakit idi və bu mənada onun boş, qayğısız, fikirsiz keçən bir dəqiqəsi də olmamışdı.