"Əlvida Gülsarı" povesti qırğız xalqının və bütün türk aləminin görkəmli yazıçısı Çingiz Aytmatovun 1966-cı ildə ilk dəfə rus dilində yazdığı əsərdir. Qeyd edim ki, povest birinci dəfə "Yorğa atın ölümü" adıyla "Ədəbi Qırğızıstan" jurnalında dərc edilib. Daha sonra "Yeni dünya" jurnalının üçüncü nömrəsində "Əlvida Gülsarı" adıyla bütöv halda dərc olunub.
Əsərin əsas süjet xətti Tanabay Bakasovun həyat tarixi - mübarizəsi, inamı, sevgisi, ümidləri, qəzaları - üzərində qurulsa da, oxucunu daha çox təsir altında saxlayan nüans, Tanabayın həyat məqamlarını birgə yaşadığı ata - Gülsarıya münasibəti, atla onun arasında məhrəmləşmiş, doğmalaşmış və insaniləşmiş hissi əlaqəsinin olmasına diqqət çəkilib. Povestdə bu əlaqə elə realistik cizgilərlə ifadə olunub ki, birbaşa insan qəlbinin dərinliklərinə nüfuz edir.
Povesti oxuduqdan sonra, əsər əsasında 1968-ci ildə Sovet kinomatoqraflarının ekranlaşdırdığı "Yorğa atın qaçışı" filmini də izlədim. Film mənə daha əvvəllər izlədiyim başqa bir təsirli filmi, Sovet-Yapon birgə istehsalı, Akira Kurosavanın "Dersi Uzala" filmini xatırlatdı. İzləməyənlərə hər iki filmi izləməyi tövsiyə edirəm.
Xoş mütaliələr!