Viktor Hüqoya qələminə görə heyranlıq duydum. Yazıçı özü də deyib : “ Bu kitabı hamı oxuyacaqmı, bilmirəm, lakin, mən onu hamı üçün yazmışam”
Doğrudan da, yazıçı sadəcə Fransa cəmiyyətini və hökumətini qeyd edərək yazsa da, toxunduğu mövzular müxtəlif xalqlara,dövlətlərə də mənsub olmuşdur, hətta bəzilərinə olmağa da davam edir.
Hüqo “Səfillər”də sosializm, psixologiya, din, ədalət,tarix,qiyam və üsyanı,vicdan, sevgi, mərhəmət, qısacası, bir çox məfhumu birləşdirib. Düşünürəm ki, bunlar, yazıçının geniş dünya görüşündən, dini dəyərlərə bağlılığından, ədalət tərəzisinin, müşahidə gözünün güclü , özünün isə mərhəmətli olmasından irəli gəlib.
Kitabda bir çox qəhrəman, obraz var. Amma məncə bu tam olaraq Jan Valjanın həyatıdır Onun hekayəsi çörək oğurluğu ilə başladı. Evindən şamdan oğurladığı Yepiskopla tanışlığı onu olduğu adama çevirdi. Tənha idi. Fantina onda ailə hissini oyatdı, Kozetta ilə isə aid olduğu ailəsini tapdı. Sonra yenə Kozettası üçün səssizcə ondan kənarlaşıb yenə təkliyə məhbus oldu. Jan Valjan pislik içində doğulan, amma müqəddəs kimi yaşayan bir insan idi. Qaranlıqdan çıxıb işığa çevrildi, amma özünü heç vaxt bağışlamadı, daim vicdanı ilə hesablaşdı. Şam kimi əriyib yoxa çıxdı….
“Səfillər” dünya ədəbiyyatının mənə görə şah əsəridir. Təsirləndiyim çox kitab olub, lakin, bu qədər qəlbimə toxunan kitab olmayıb. “Səfillər” həç zehnimdə, həm qəlbimdə, həm də kitabxanamda tapılmaz bir inci olaraq qalacaq