Dostoyevskinin yaratdığı xariqələrdən birini daha oxuyub bitirdim. Adından məlum olduğu kimi əsərin əsas mövzusu həm maddi həm mənəvi cəhətdən təhqir edilən, alçaldılan insanlardır. Fərqli həyatlardan danışılması bir az "Səfillər" əsərini xatırlatdı mənə. Hər bir obrazın öz həyat hekayəsi var. Hər birindən də öyrənilməli çox şey var...
Mən Nataşa obrazına sözün əsl mənasında qıcıq oldum oxuyarkən. Bir qadın bu qədərmi saf olar? Ağlı yox duyğuları ilə hərəkət edib ətrafındakıları düşünməz? Qarşılıq görmədiyi, aldadılıb alçaldıldığı bir sevgini necə qəbul edə bilər? Və hətta bütün bunlara doğru imiş kimi haqq qazandırmağa çalışar? Məncə özünə dəyər verən heç bir kəs etməməlidir bunu. Heç kim üçün hətta nə qədər çox sevsə belə. Digər tərəfdə isə Vanya...Sevdiyi qadın başqa birisi ilə bağlı xəyallar qurarkən, ağlayarkən ona təsəlli verməyə çalışması, sona qədər yanında olması qarşılıqsız sevgiyə əsl nümunədir.
Əlbəttə rus ədəbiyyatının olmazsa olmazı cırıq paltolu, iflas etmiş, bir otaqlı kiçik, nəmli mənzildə yaşayan obrazımız da var idi əsərin giriş hissələri bu obraza aid idi. Onun həyatı isə çox uzun sürmür. Eynilə kiçik qızcığaz Nelli kimi...Nellinin uşaq yaşında yaşadıqlarına körpə qəlbi daha çox tab gətirə bilmir. Son səhnələrdə biz onun acı həyatının şahidi oluruq. Mənə görə əsərin ən təsirli səhnələri idi.
Məncə çox uzatmağa ehtiyac yoxdur artıq. Çox gözəl, təsirli, mənalı bir əsər idi və oxunmağa dəyər.
Xoş mütaliələr!