"Robinzon Kruzo" əsəri haqqında danışanda əksərən müəllif xatırlanmır, əsərin populyarlığı müəllifi kölgələyir. Kruzonu tam mətndə bitirdikdən sonra Daniel Defonun yazı üslubunu çox bəyəndim və araşdıraraq "Moll Flanders" əsərini tapıb aldım. Bu roman üçün Kruzonun şəhərli olan qadın versiyası deyirlər.
Moll Flanders həbsxanada doğularaq həyata atılan uşaqdır, xəyanətə uğrayan yeniyetmədir, öz ayaqları üstündə dayanmağa çalışan qadındır. Necə ki, Kruzo kimsəsiz adaya düşərək həyata tutunmağa çalışır, Flanders isə həyatın içinə atılmış kimsəsiz qız uşağıdır və o həyatda qalmaq üçün mübarizə aparmalıdır. Defonun yazı üslubunda ən maraqlı nüans odur ki, hekayəsini dialoqlarla deyil baş qəhrəmanın daxili dünyası üstündə qurur. Beləliklə oxuyarkən qəhrəmanla empatiya qurursan və etdikləri sənə təəccüblü gəlmir.
Hələ 21-ci əsrdə belə qadınların cəmiyyətdə yeri haqqında hərarətli müzakirələr gedərkən 17-ci əsrdə həyata sıfırdan başlayan qadının bulaşdığı çirkab, cəmiyyətin ona bəslədiyi münasibət və vadar etdiyi şeylər insanda təəssüf hissi oyadır. Və biləndəki əsər müəllifin yaşadığı və başına gələn hadisələrdən təsirlənilərək yazılıb - o kitabı oxumağın zövqü bir başqa olur, real olan hər şey insana toxunur.
"Moll Flanders" bizə nəyi öyrədir? Pulun bütün münasibətlərdə həlledici rol oynadığını, hətta gözəllikdən və saflıqdan belə əvvəldə pulun dayandığını, cəmiyyətdə ədalət axtarmağın mənasız olduğunu və öz ədalətini özünün təmin etməli olduğunu.