Məhmət Nüsrət (Əziz Nesin) 20 dekabr 1915-ci ildə Heybəliadada dünyaya gəlib. 1925-ci ildə imtahan verərək təhsilinə birbaşa 3-cü sinifdən başlamışdır. 12 yaşında ikən cavan anasını (26) itirmişdir. 1937-ci ildə Hərb məktəbini bitirən Nesin zabit olur. İkiillik peşə təhsili üçün Maçka Hərbi Fənn Təlim orta məktəbinə gedir. Eyni zamanda həm İstanbul İncəsənət Akademiyasının Şərq bəzək fakültəsinin tələbəsi olur, digər tərəfdən də rəssamlıqla məşğul olur. 3 dəfə evlənir. Birinci həyat yoldaşı Vedia xanımdır, ondan Oya və Atəş adlı iki uşağı dünyaya gəlib. Sonrakı iki evliliyi də Meral Çələnlə olub. Ondan isə Əli və Əhməd adlarında iki oğlu olub.
Ömrünün çox hissəsi ayrılıqla, işsizliklə, həbslə keçsə də, digər yarısı mükafatlar, kitablar və açdığı vəqflə keçir. 1995-ci ilin iyul ayının 6-da vəfat edən Əziz Nesinin cənazəsi öz istəyinə uyğun olaraq, dini mərasim keçirilmədən və məzardaşı qoyulmadan Nesin Vəqfinin həyətində dəfn edilmişdir.
"Xan" nəşriyyatının layihəsi olan "Xatirə Ədəbiyyatı" ilə ilk dəfə tanış olurdum. Əziz Nesin kitabı ilə tanış olmağıma şadam. 20 nömrəli xatirə ədəbiyyatı demək olar bir günə bitdi. Bioqrafiya, avtobioqrafiya, gündəlik, xatirələr-sənədlər və məktubdan ibarət olan kitabda ən sevdiyim iki hissə oldu; gündəlik və məktublar. Gündəliklər yazıçını daha səmimi tanımağıma səbəb olarkən, kitabda, sadəcə, ortancıl uşağı Əli ilə məktublarında da onun valideynliyinə şahid oldum.