Təbiətin də, cəmiyyətin də öz əbədi və əzəli dəyişməz qanunları var. Yaz qışı, yay yazı, payız da yayı əvəz etdiyi kimi cəmiyyət də embrioloji mərhələlər keçməlidir. Əvvəlcə insanların zəhnində kamillik yaranmalı, təkamül yolunu keçib inqilaba gəlməlidir. Yoxsa uşağı 6-7 aylığında ala-yarımçıq halda dünyaya gətirmək olmaz. – Olar, Üçitel, olar. Bəs tarixi dahilər yaratmırmı? Üçitel özünə bir stəkan da çay süzdü. Gülümsəyərək Mürsələ baxdı. – Dahi kimə deyirsən? – Cəmiyyətin istiqamətini dəyişən adamlara. – Onlar cəmiyyətin istiqamətini dəyişdirə bilməzlər. Cəmiyyət özü öz istiqamətini dəyişdirir. – Bəs elə isə dahilər nə edir? – Bax, məsələ də elə bundadır. Xəstə cəmiyyətin yaraları göynəyir, əzab-əziyyət verir və nəhayət, yetişir; bədəndə olan çiban kimi. O çibanların deşil mərhələsi gəlib çatır. Kim cəmiyyətin bu vəziyyətə düşməsini əvvəlcədən görürsə və nəştəri götürüb hamıdan əvvəl yaranı kəsirsə, dahiyə çevrilir.