"Don Kixotluq eləmə də", "Don Kixot xəyallarından əl çək", "Don Kixotluğun yeri deyil" tipli ifadələri çox güman bir çoxunuz eşitmisiniz. Bəs kimdir dünyaca məşhur "Don Kixot" bəy?
Don Kixot obrazı çox xəyalpərəst bir insandır. Düzdür, xəyalpərəstlik pis şey deyil, amma bizim bəy dozanı nəyi var aşıb. Ağıla sığmaz şeyləri edəcəyinə inanır, hədsiz gücü olduğuna, dünyada ədaləti bərpa edə biləcək, haqqı tapdalanmış bütün insanların haqqını tələb edəcək, bütün pis insanların, zalımların kökünü kəsəcəyinə özünü çox inandırıb. Bu sadaladıqlarımı etməyə cəhd etsə də, əksəri uğursuz alınmış, insanlar onun yaxşı niyyətlərindən sui-istifadə etmişdilər. Saf bir obraz olan Don Kixot bütün bunlara baxmayaraq, yenə də öz əlçatmaz arzularının ardınca qaçırdı. Bə'zən öz canını belə ortaya qoymuşluğu olub. Oxuduğu cəngavər romanlarının təsirində o qədər qalıb ki, özünü bir gün cəngavər elan edir. Arıq, zəif bədəni və güclü ehtirası ilə bir çox səfərlərə çıxır.
Əslində, kitab ironik bir kitabdır. Məsələn yazarın özü həmin dövrdə geniş yayılmış cəngavər romanlarına qarşı ironik silah kimi yazıb bu əsəri. Lakin indiki situasiyalara da uyğun gələ bilər. Oxuduqlarımız belə bə'zən bizi uçuruma sürükləyə bilər. Onun üçün kitab oxuyarkən selektiv davranmaq əsas şərtdir. Və ən əsası hər şeyi qədərincə yaşamaq lazımdır.
Kitabı ilk dəfə 2015'də oxumuşdum, amma onda ironik mesajı ala bilməmişdim. İndi hər şey aydındır.
Bu şəkər kitabı bir gün mütləq hər kəs oxumalıdır.