Sevgisi, sevdası – dəniz misalı,
Gah sevinclə üzür, gah da boğulur;
Bəxtin yanlışını qəlbinə salır...
Qadın neyləsin ki, qadın doğulur?!
Fikrin sürətinə yetişməz izi,
Hər anı – bir ömrün səadətidir.
Dünyanın ən güclü, ən zərif hissi
Yalnız qadınların məhəbbətidir!
Kim verər həyatda onun yerini?
Solan baxışında bir alov yatır.
Gizləyib köksündə öz kədərini,
Özgənin dərdinə, hoyuna çatır.
Yüz işin qulpundan tutmada əli,
Kövrək ürəyində qaya sərtliyi.
Bəzən qadınlardan öyrənilməli
Kişi dəyanəti, kişi mərdliyi!