Ahh Dostoyevski, səni oxumaq necə də özəldir! Oxucular tərəfindən bir o qədər də tanınmayan bu kitabda Dostoyevski xəyanətin yol açdığı ağlasığmaz nəticələri göstərməyə çalışıb.
Bir qadın, iki kişi və bu münasibətdən ən çox təsir görən günahsız, çarəsiz bir qız uşağı - Liza. Çünki.. o xəyanətin törəməsi idi.. Xəyanətə uğrayan "ər" Pavel Pavloviç mərhum arvadının keçmiş oynaşı, eyni zamanda özünün yaxın dostu Aleksey İvanoviç'dən qisas almaq fikri ilə Peterburqa səfər edir. Əsərin süjet xətti də elə həmin iki obrazın üzərindən paralel şəkildə irəliləyir. Gerçəkləri bildiyin halda qarşında dayanan birinin yalanlarına nə qədər tab gətirə, səbir göstərə bilərsən axı? Kədərli haldır ki, aldadılmış Pavel Pavloviç vaxtilə çox güvəndiyi, hörmət etdiyi dostundan öz qisasını yenə dostca alır.
Əbədi ər - Dostoyevskinin canlandırdığı bu obrazı daha doğru dillə ifadə etsək, bəlkə də ideal ər.. Qadın kişi münasibətlərində əzəldən bəri var olmuş, daim də olacaq ən böyük problem xəyanətdir. Bütün səlahiyyət qadının əllərində olsa belə, və ya əksinə, qadın büsbütün kişinin əsiri olsa belə..