Evinizin böyründən keçib gedirdim. Sən, Ay işığında yarpaqları gümüştək parlayan iydə ağacının ardında, eyvanınızda dayanıb, bizim evə sarı baxırdın. Lakin artıq bunun mənə aidiyyəti yox idi. Mən indi göydəki ulduzlara necə baxırdımsa, sənə də eləcə baxırdım. Yox, mən düz demədim. Əgər, sən bir ulduz olub, göylərdə parlasaydın, mən bütün gündüzü gecənin xəyalı ilə yaşayardım. Mən səni tuş tutub, bütün ömrüm boyu fərəh və səadət içində irəliləyərdim. İndi mən sənsiz harada qərar tutub dayana bilərəm? Əgər, sən məni mənim yüzdə birim qədər sevsəydin, ömrüm nəhayətsiz bir səadət içində keçərdi. İndi ki, sevmədin, yenə də xoşbəxtəm. Çünki sən xoşbəxtsən! Əgər, bu qədər müddətdə sən məni gələcək bir ər kimi sevə bilmədinsə, bu səninmi günahındır? Axı, sevgi də bu gecə, bu bahar kimi gəldiyi zaman bizim rəyimizi soruşmur. Əgər, soruşsaydı, and içərəm ki, sən məni sevərdin. Axı, sən bilirdin ki, mənim yüz canım olsaydı, birini də səndən əsirgəməzdim.