"Hər yazarın bir şah əsəri var" deyirlər. Bəlkə də elədir, bunu inkar edə bilmərəm. Markus Zusak daha çox hamımıza "Kitap Hırsızı" romanı ilə tanışdır. Kitabını oxuyan və filminə baxan biri kimi deyə bilərəm ki, həqiqətən də, möhtəşəm idi. O dövrün ağır, çirkli, barut dolu havasını oxuyarkən hiss etmişdim.
"Hiç kimse sıradan değildir" kitabı isə çox insan tərəfindən bəyənilməsə də, deyəsən, qəribə bir şəkildə mənim daha çox xoşuma gəldi. Kitab həm macəra romanı, yeri gəldikdə detektiv, bəzən isə şəxsi inkişaf təəssüratı bağışladı məndə. Çox axıcı idi. Gec bitsin deyə əlimdən gələni etdim, amma olmadı .
Əsas obrazımız, 19 yaşında Ed Kennedy, taksi sürücüsü işləməkdədir və 3 yaxın dostu var. 4 sıradan insan. Həyatlarında baş verən hər şey, hər birimizin başına gələ biləcək bir şeydir. Ta ki...
Ed Kennedy bankda kredit ödəməyə çalışarkən oğruluq hadisəsi olur və oğrunun tutulmasında yaxından iştirak edir. Bundan sonra isə bütün həyatı dəyişir. Evinə üzərində mesajlar olan oyun kartları gəlməyə başlayır və bunları etmək məcburiyyətində qalır. Kartların kim tərəfindən göndərildiyi, orda yazılanları niyə etmək məcburiyyətində qaldığını bilmir, amma hər dəfəsində fərqli hadisə ilə qarşılaşır və həll etməyə çalışır.
Zaman-zaman güldürən, bəzən üzücü hadisələrin baş verdiyi, bəzən isə detektiv formada davam edən bir kitab idi. Müəllifin verməyə çalışdığı mesaj isə kitabı daha da gözəl edirdi.
Xoş mütaliələr!