Kitab Ağalar Məmmədovun çoxsaylı məqalələrinin ümumi toplusundan ibarətdir və açığı, nə bu kitabdan, nə də Ağalar Məmmədovdan xəbərim var idi. Açığı, kitabın kontentindən çox daşıdığı mənəvi dəyəri nəzərə alaraq, 10/10 verməyim qaçınılmaz idi, çünki maraq dairəmə uyğun olaraq hədiyyə olunmuşdu, yəni ki, mənə uyğun və uğurlu hədiyyə idi deyə 10/10 düşür.
Əsasən fəlsəfi mövzular əhatəsində qələmə alınıb, ən çox diqqətimi çəkənlər din/islam, ekzistensializm və siyasət mövzuları oldu. İllər əvvəl qələmə alınmış məqalələrin günümüz problemləri ilə səsləşdiyi məqamların çox olması məyus edici idi. Cəmiyyətimizin (müşahidələrimə əsasən) əvvəlki dövrlərə nisbətən daha tolerant olduğunu düşünürəm və bu bir qədər yeni generasiyanın yeni ailə modeli yaratması ilə bağlıdır. "Köhnə düşüncəli azərbaycan kişisi/qadını" yeni generasiyalarla əvəzlənir, zəncirlər qırılır, insanların fərqindəliyi artır.
Kitab və filosof barəsində araşdırarkən qarşıma o qədər bir-birinə zidd örnəklər çıxdı ki. Filosofa qarşı münasibət də bir-biri ilə ziddiyyət təşkil edir, ya fikirləri bəyənilir və sevilir, ya da lənətlənir. Düşünürəm ki, bu sırf səsləndirdiyi fikirlərin özü ilə bağlıdır, çünki onlara qarşı neytral qalmaq mümkün deyil və hər insanın həyatının bir dönəmində düşündüyü və ya düşünməli olduğu fikirlərdir. Məsələn, ölüm məqaləsi – məni dərindən sarsan bir məqalə oldu. Ağalar Qut qeyd edir: "Ölüm individualdır, hər kəs özü təcrübə etməlidir." Bildiyin bir faktı kimsə yenidən xatırladanda gözünün önündəki bir şeyi görə bilirsən, gözün açılır. Ölüm üzərinə düşünməkdən qaçırıq, bəzən ölümü xatırladan dindən də qaçırıq, dinə yalnız çarəsizlik anlarında və ya yenə başqa birinin ölümü vasitəsilə üz tutub yada salırıq. Kim öləcəyini xatırladan bir vasitəni həyatının mərkəzinə qoymaq istəyər ki?