Dahi rus yazıçısı Lev Tolstoy “Anna Karenina” əsərində lövhü-məhzufu, yazıya pozu olmadığını, insanın taleyin cızdığı çevrədən kənara çıxa bilməyəcəyini ayrı-ayrı detallarla vurğulayır. Yəni Tanrının iradəsi məsələsinə xüsusi önəm verir. Yazıçı Anna Kareninanın ölümünü "yazıya-pozu yoxdur” ilə izhar eləmir. Yazıçı qəhrəmanın faciəvilik qanununu əsas götürür. Anna Karenina ərli qadın olaraq başqasını sevməklə faciəvi situasiyaya düşür. Faciəvi situasiya o situasiyadır ki, ondan çıxış yolu yoxdur. Faciə labüdlük deməkdir. Əsər yeni çap olunduğu zamanlar Lev Tolstoyu günahlandırırdılar ki, belə bir gözəl qadını əsərdə niyə öldürürsən? Lev Tolstoysa cavab verirdi ki, mən onu öldürmək istəmirdim, o, özü-özünü qatarın altına atdı. Bu heç də gəlişigözəl söz deyil. Lev Tolstoy bu fikriylə demək istəyir ki, mənim istədiyim bir şeydir, hadisələrin məntiqi başqa şeydir. Yəni Anna Karenina faciə yolundadır, onu heç bir təsadüf xilas edə bilməz…